"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Aygül Məmmədova: “Bələdiyyənin nəzdində xidmət sahələrinin yaradılmasını planlaşdırırıq”

--2016-01-20 / 19:59

 “Astara Bələdiyyəsi fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, həmçinin bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarlarına istinad edərək qurur”- bu fikirləri Belediyye.infoya Astara bələdiyyəsinin sədri Aygül Məmmədova bildirib.

Bələdiyyənin ötən il ərzində keçirdiyi iclaslara toxunan sədr bildirib ki, 2015-ci ildə keçirilən 18 iclasında 71 məsələ müzakirə edilib və müvafiq qərarlar çıxarılıb: “14 məsələ icarəyə və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə, 18 məsələ şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaiti ayrılması ilə, 13 məsələ sakinlərə maddi yardımlar verilməsi ilə, 13 məsələ təşkilati məsələlərlə 4 məsələ zəbt olunmuş torpaqların azad edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi, 3 məsələ tənd təsərrüfatı əhəmiyyətli torpaqların icarə haqqlarının qaldırılması ilə  bağlı olub.”  

Ötən il bələdiyyəyə  288 ədəd ərizə və məktub daxil olduğunu deyən sədr bu müraciətlərdən 153-i maddi yardım almaqla, 69-u fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması ilə, 34-i sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 25-i tikinti və təmir işləri ilə, 7-si müxtəlif mövzularla əlaqədar olub. Maddi yardımla müraciət edənlərin əksəriyyətinin xahişi həll edilib.  5 nəfər pul yardımı ilə, 1 nəfəri tikinti materialı yardımı ilə, 95 nəfər ərzaq yardımı ilə təmin olunub.

Fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması ilə bağlı müraciət edənlərdən 5 nəfərə, sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə bağlı müraciət edənlərdən 2 nəfərə bələdiyyə iclasının qərarları ilə torpaq ayrılması barədə ilkin prosedur başlanılıb.

Sakinlərin qəbuluna toxunan A. Məmmədova hesabat dövründə 789 nəfərin qəbul edildiyini bildirib. Onun sözlərinə gğrə, qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq həllini tapıb və ya əlaqədar qurumlara yönəldilib. Qeyd edə ki, il ərzində bələdiyyəyə rəsmi orqanlardan 108 ədəd sənəd daxil olub ki,  bu sənədlərədə operativ baxılaraq, müvafiq cavablar hazırlanıb.

-Ötən il ərzində gəlirləriniz nə qədər olub?

Sualı cavablandıran sədr bildirib ki, Astara bələdiyyəsinə ötən il ərzində 36.531 manat vəsait toplaya bilib. Daxil olan vəsaitin 4.630 manatı torpaq vergisindən, 11.649 manat torpaq alqı-satqısından, 8.100 manat torpaq icarə haqqından, 4.272  manat kommersiya torpaq vergisi, 835 əmlak vergisindən, 1.268 manat əhalinin əmlak vergisi, 175 manat pay torpaq vergisindən daxil olub. Qeyd edim ki, xərclərdə 36.348 manat təşkil edib. Bu xərclərin  13.117 manat əmək haqqına, 875 manat “Bələdiyyə evi”nin  təmirinə, 895 manat aztəminatlı ailələrə  maddi yardım, 1200 manat  ə.Muxtar, N.Nərimanov və S.Vurğun küçələrinə və əkin sahələrinə gedən  yolların təmirinə, 2.700 manat “Giləkəran” qəbristanlığının abadlaşmasına xərclənib.

Ötən il də məhəllə komitələri ilə iş bələdiyyənin fəaliyyətinin əsas istiqamətlərindən olub. Məhəllə komitələrinin müraciətləri əsasında məhəllələrdə görülən işlərdən 4 küçənin- ə.Muxtar küçəsinin bir hissəsi, N.Nərimanov küçəsinin 4 saylı məktəbə gedən dairəvi yolunun,S.Vurğun küçəsinin çoxmərtəbəli binalarının qarşısının və Giləkəran qəbristanlığına gedən yolların abadlaşması üçün dəfələrlə qum-çınqıl tökülmüş və hamarlanınıb. Bütün bu işlər Astara şəhər icra nümayəndəliyinin xüsusi dəstəyi ilə həyata keçirilib.

Maraqlı məqam ondadır ki, bələdiyyənin nəzdində fəaliyyət göstərən “Bələdiyyə evi”ndə idmanın inkişafına dəstək və gənclərin zərərli vərdişlərdən uzaq saxlamaq məqsədilə “Qaydasız döyüş”idman növü üzrə məşqlər keçirilir. Bələdiyyəni təmsil edən komanda bir sıra beynəlxalq yarışlarda mükafat qazanmışlar. Apardığımız təbliğat nəticəsində 50-dən çox məktəbli orada təlim keçir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə daha az maliyyə vəsaiti ilə Astara Bələdiyyəsi xeyli iş görüb, bir sıra sahələrdə gözəgörünən irəliləyişlərə nail olub.

Astara bələdiyyəsi Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyi və Almaniya-Azərbaycan əməkdaşlığı təşkilatının Cənubi Qafqazda Yerli özünüidarəetmə sistemində Qadın iştirakçılığı Proqramına qoşulmuşdur.

Belə ki, ötən ilin sentyabr ayında Tbilisidə keçirilən Cənubi Qafqaz ölkələrinin iştirak etdiyi seminarda Astara bələdiyyəsi beynəlxalq sertifikata layiq görülüb. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır.

Astara Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook)internet səhifəsindən  dolğun məlumat ala bilər.

Yekun olaraq bildirmək istərdim ki,  bütün bölgələrində olduğu kimi, Astarada da quruculuq işləri geniş vüsət alıb. Bu proses son illər rayon icra Hakimiyyətinin Başçısı  Qəzənfər Ağayevin  rəhbərliyi ilə rayonumuzda daha da sürətlə aparılır.

Astara Bələdiyyəsi icra Hakimiyyəti ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurur.

Söhbətimizn sonunda sədr bələdiyyənin qarşılaşdığı problemlərə də toxundu:

-          Bələdiyyə iş planında nəzərdə tutduğu işlərin hamısını həyata keçirə bilməyib. Buna əsas səbəb bələdiyyə büdcəsini formalaşdıran ən iri mənbələr olan əmlak və mədən vergilərinin istənilən səviyyədə toplanmamasıdır. Dayanacaqlardan və mehmanxanalardan yığılan rüsumlar demək olar ki, yox səviyyəsindədir. Reklamdan daxil olan ödənişlər nəzərdə tutulduğundan az olmuşdur. Ancaq bu çətinliklərə baxmayaraq gələcəkdə vergi və ödənişlərin toplanması sahəsindəki problemləri həll etməklə yanaşı, bələdiyyə nəzdində müxtəlif təyinatlı istehsal və xidmət sahələrinin yaradılmasını planlaşdırırıq. Bir sıra yerli və məhəlli problemlərin həllinə kömək məqsədi ilə yerli və beynəlxalq təşkilatlardan qrant almaq üçün layihələr hazırlamaq fikrindəyik.  

Astara Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.    

 Belediyye.info

ŞƏRHLƏR